31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində ADPK-nın bir qrup müəllim və tələbə heyəti Quba şəhərində “Soyqırımı memorial kompleksi”ini ziyarət ediblər.
ATİAHİ Yasamal rayon komitəsinin təşkilatçılığı ilə baş tutan səfərdə kompleksdə soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, önünə gül dəstələri düzülüb, ruhlarına ehtiram göstərilib.
Çıxış edənlər bildiriblər ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlət başçısı kimi 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman tariximizin bu qaranlıq səhifələrinə işıq salan ilk rəsmi sənəd oldu. Bu mühüm sənəddə azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımlarının ilk dəfə rəsmən adı çəkilmiş, erməni şovinist dairələri və onları dəstəkləyən böyük dövlətlər tərəfindən azərbaycanlı əhaliyə qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açılmış, “böyük Ermənistan” xülyasını həyata keçirməyin əsas yolunun azərbaycanlıların məhv edilməsində, köçürülməsində, onların tarix və mədəniyyət abidələrinin dağıdılmasında, yer adlarının dəyişdirilməsində görmüş antiazərbaycan qüvvələrin mənfur əməllərinə siyasi qiymət verilmişdir. Həmçinin Fərmanla 31 mart günü son yüz ildən artıq dövrdə erməni millətçilərinin xalqımıza qarşı törətdikləri vəhşiliklərin qurbanı olmuş günahsız insanların xatirəsinə ehtiram əlaməti olaraq azərbaycanlıların soyqırımı günü elan edilmişdir.
Vurğulanıb ki, Ulu Öndərin imzaladığı bu Fərmanından ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanmış, Quba şəhərində kütləvi məzarlıq aşkarlanmışdır.
Qeyd olunub ki, təkcə Quba qəzasında 1918-ci ilin aprel-may ayları ərzində 122 kənd tamamilə dağıdılmışdır. Quba şəhərindəki kütləvi məzarlıqda soyqırımı nəticəsində hədsiz amansızlıq və xüsusi qəddarlıqla öldürülən azərbaycanlılarla yanaşı, ləzgilərin, yəhudilərin, tatların və digər milli azlıqlara mənsub olan minlərlə insanların zorakılığa məruz qaldığı aşkar edilmişdir. Dövlətimizin başçısı cənab İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli sərəncamı ilə erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi” yaradılmışdır.
Əlavə olunub ki, Prezident İlham Əliyev 2018-ci il yanvarın 28-də imzaladığı 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı Sərəncamla təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən bu hadisə geniş qeyd olunub.