Yasamal Rayon İcra Hakimiyyətində Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib. Mərasimdə öncə Dövlət Himni səsləndirilib, sonra isə Ulu Öndər Heydər Əliyev və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib. Daha sonra isə Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafına verdiyi misilsiz töhfələrdən bəhs edən sənədli filmə baxış keçirilib.
Orta məktəb müəllimləri, direktorlar və məktəbəqədər təhsil müəssisələrin müdirlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova bildirib ki, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı edib. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca hədəf seçib. Təravət Muradova Beynəlxalq Müəllimlər Gününü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramı adlandırıb.
İclasda çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bu il 100 illiyini qeyd etdiyimiz Ümummilli Liderimiz Heydər Əliyevin "Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram” kəlamını xatırladıb. Bildirib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev elm və təhsilə xüsusi qayğı göstərir. Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin əsasını təşkil edir. Azərbaycanda təhsil sahəsində bir çox layihələrin uğurla həyata keçirilməsində isə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Son 25 il ərzində Azərbaycanda 4000-ə qədər məktəb və məktəbəqədər müəssisə tikilib və əsaslı şəkildə təmir edilib. Hal-hazırda azad edilmiş Qarabağda sürətlə yeni məktəblər tikilir və istifadəyə verilir. Azərbaycan müəllimi bu gün Zəngilanın Ağalı kəndində uşaqlara bilik verir. İndi biz Qarabağı bərpa edirik və ora həyat, təhsil, tədris qayıdır.
E.Həsənov vuğulayıb ki, müəllimlər təhsil sisteminin hərəkətverici qüvvəsidir. Bildirib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 55 sinfi, onlardan 10-u Yasamal olmaqla ali məktəblərə qəbul imtahanlarında yüz faizlik nəticə göstəriblər. Belə ki, Yasamal rayonundakı 20 nömrəli məktəb-liseyin 4 sinfi, 60 nömrəli tam orta məktəbin 3 sinfi, 13 nömrəli tam orta məktəbin 2 sinfi, 53 nömrəli tam orta məktəbin isə 1 sinfi üzrə bütün məzunlar yüz faiz nəticə göstərərək ali məktəblərə qəbul olunublar.
Qeyd olunub ki, bu görüşdə ilk dəfə olaraq məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri də iştirak edir və ümid ifa olunub ki, onlar da Yasamal rayonunun ictimai və sosial həyatında fəal iştirak edəcəklər.
Tədbirdə çıxış edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli, habelə Yasamal rayon təhsil ocaqlarının nümayəndələri öz fikir və mülahizələri ilə bölüşüblər. Sonda rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətləri ilə fərqlənən təhsil işçilərinə Yasamal Rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edilib.