Yasamalda Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib


Yasamal rayonunda 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir təşkil olunub.

Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının rayon təşkilatı və ATİAHİ Yasamal rayon komitəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə qadın müəllimlər və şəhid ailələrinin xanım üzvləri iştirak ediblər.

Çıxış edənlər vurğulayıb ki, qadınlar doğma torpaqlarımızın bir qisminin işğal altında olduğu bir dövrdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə üzərinə düşən ağır yükü şərəflə daşıyıblar. Onların aktiv fəaliyyəti həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyidir. Hazırda Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər. Mülki işlərdə çalışan qadınlarımızın da əməyi yüksək qiymətləndirilir.

Bildirilib ki, Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.

Sonda tədbirə dəvət olunan bütün xanımlara qiymətli hədiyyələr verilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo