5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Azərbaycan Dövlət Pedaqoji Kollecində AHİK-in üzv təşkilatı ATİAHİ Yasamal rayon komitəsinin təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə ATİAHİ Yasamal rayon komitəsinin sədri Rövşən İbrahimli açaraq əvvəlcə Respublika Komitəsinin sədri Araz Paşayev adından müəllimləri təbrik edib. O, ölkəmizin inkişafında müəllimlərin rolundan, elm-təhsilin inkişafında, yeni nəslin vətənpərvər ruhda tərbiyə olunmasında əvəzsiz xidmətlərindən, müəllim adının şərəfindən danışıb.
R.İbrahimli vurğulayıb ki, rayon komitəsinin bundan sonra da müəllimlərin sosial-iqtisadi problemlərinin həllinə, onların əmək şəraitinin yaxşılaşdırılması, asudə vaxtlarının və istirahətlərinin səmərəli təşkili və inkişafı naminə tədbirlərini davam etdirəcək.
Kollecin direktoru İsrayıl İsgəndərov isə bildirib ki, Azərbaycan müəllimi öz peşəsini dərindən sevərək bu missiyasını şərəflə yerinə yetirir, müəllim adının ləyaqətlə daşıyır.
Çıxış edən müəllimlər də həm dövlətimiz, həm də cəmiyyətimiz tərəfindən onlara göstərilən ali münasibətdən və yüksək diqqətdən razılıqlarını ifadə ediblər.
Sonda pedaqoji fəaliyyəti dövründə uğur əldə etmiş bir qrup müəllimə fəxri fərman və hədiyyələr verilib.
Bundan başqa, Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar rayon komitəsi tərəfindən ilk həmkarlar ittifaqlarında da tədbirlər təşkil olunub. Tədbirlərdə Azərbaycan müəlliminin misilsiz xidmətlərindən, yetirmələrinin uğurlardan və dövlətə sədaqətindən danışılıb. Bütün tədbirlərdə məktəblərin və rayonun ictimai həyatında yaxından iştirak edən müəllimlər təltif olunub.
Qeyd edək ki, ATİAHİ Yasamal Rayon Komitəsinin nəzdində 20 məktəb, 4 məktəb- lisey, 1 uşaq, gənclər inkişaf mərkəzi, 1 kollec və 32 körpələr evi və uşaq bağçası fəaliyyət göstərir.