Yasamalda Gənclər Günü münasibətilə tədbir keçirilib

ATİAHİ Yasamal rayon komitəsi rayonun 53 №-li məktəbində 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə tədbir keçirib.
Tədbirə Yasamal rayon ümumtəhsil müəssisələrində və məktəbəqədər müəssisələrdə çalışan 200-ə yaxın gənc ittifaq üzvü iştirak edib.
Rayon komitəsinin sədri Rövşən İbrahimli çıxış edərək gəncləri təbrik edib və dövlətimizin gənclər siyasətindən danışıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimiz tərəfindən gənclərin dövlət quruculuğu prosesində və ölkənin ictimai-siyasi həyatında fəaliyyəti təmin olunur, yaradıcı gənclərin potensialı, qüvvəsi, bilik və bacarığı yüksək qiymətləndirilir, həmçinin gənclərin təhsil və sosial problemlərinin həlli, onlar üçün yaradıcı mühitin formalaşdırılması, gənc ailələrin sosial, məişət problemlərinin aradan qaldırılması istiqamətində davamlı işlər görülməkdədir. R.İbrahimli vurğulayıb ki, rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.
Tədbirdə söz alan gənclər dövlətimizin onlara olan diqqət və qayğısından razılıqlarını ifadə ediblər.
Sonda gənc ittifaq üzvlərinə fəxri fərman və hədiyyələr verilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo