ATİAHİ Yasamal rayon komitəsi 2 fevral - Gənclər Günü münasibəti ilə tədbir keçirib.
Tədbirə rayonun ümumtəhsil məktəblərində və uşaq bağçalarında çalışan 126 nəfər gənc ittifaq üzvü dəvət edilib.
Gəncləri təbrik edən rayon komitəsinin sədri Rövşən İbrahimli dövlətimizin gənclər siyasətindən söz açıb: “Ulu Öndər Heydər Əliyev 1999-cu il iyulun 29-da “Dövlət gənclər siyasəti haqqında” Fərman imzaladı. Bu, müstəqil dövlətimizdə gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait yatdı, cəmiyyətin həyatında onların fəal iştirakının təmin etdi. Həmçinin gənclərin dövlət quruculuğu işinə geniş cəlb olunmasına və ictimai-siyasi fəallığının artmasına gətirib çıxartdı. Dövlətimizin başçısı cənab İlham Əliyev gənclər üçün ölkəmizdə hər cür şəraiti yaradıb və dövlətimiz tərəfindən onlara diqqət və qayğı çox böyükdür. Belə ki, Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan birini də cəmiyyətin ən dinamik təbəqəsi qismində çıxış edən gənclərin potensialından səmərəli istifadə təşkil edir. Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir”.
Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova ölkə gənclərinin həm təhsil, həm idman, həm də başqa sahələrdə qazandıqları uğurlardan söz açıb, eləcə də Şərqi Zəngəzurun və Qarabağın Ermənistan işğalından azad olunmasında göstərdikləri qəhrəmanlıqlardan danışıb.
Tədbirdə digər çıxışlar da dinlənilib.
Sonda gənc ittifaq üzvlərinə fəxri fərman və qiymətli hədiyyələr verilib.