ATİAHİ Yasamal rayon komitəsinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə 53 №-li tam orta məktəbdə tədbir keçirilib. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova və rayon məktəblərinin xanım müəllimləri iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, ölkəmizdə hər zaman zəriflik və gözəllik rəmzi hesab olunan qadınlara xüsusi diqqət göstərilib. Sarsılmaz iradə, mətanət, əzmkarlıq nümunəsi olan qadınlarımız həm də istedad, zəka və zəhmətin birlikdə necə xariqələr yaratdığını fəaliyyətlərində təcəssüm etdiriblər. Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq mübarizliyi ilə tanınıb, ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edib, dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirib.
Həmçinin tədbirdə iştirak edən xanım ittifaq üzvləri onlara göstərilən diqqət və qayğıdan razılıq ifadə ediblər. Sonda tədbirdə iştirak edən bütün xanımlara hədiyyə və fəxri fərman verilib.